Əsas məzmuna keç

Qoşma

Ağsaqqal ağısı

Zəlimxan Yaqub

1
Böyük ziyalımız, ağsaqqal alimimiz, müdrik dostum İmamverdi Əbilovun əziz və istəkli nəvəsi Əbil Əbilovun vaxtsız vəfatından dərin sarsıntı keçirdim. Heç bir sözlə, heç bir şeirlə, heç bir təsəlli ilə bu itkinin yerini doldurmaq, bu yaranı sağaltmaq mümkün deyil. Çünki biz sadəcə bir gənc insanı deyil, həm də gələcəyin böyük alimini itirmişik. Gücüm ancaq başsağlığına, göynərtili misralara çatdı. Başın sağ olsun, İmamverdi müəllim!

Yapışır insanın ayaqlarından, Qoymur yeriməyə, ağrı daş olur. Əcəl yetişəndə heç nəyə baxmır, Ürəyi buz olur, bağrı daş olur.

O bir dəyirmandı, durmaz, dayanmaz, İnsanı dən kimi üyüdər gedər. Döndərər sevinci qum dənəsinə, Dərdi dağlar kimi böyüdər gedər.

Bir ömrün kitabı bağlanır tamam, Sonuncu mənzilə, evə gedəndə. Dağdan tüstü çıxır, daşdan qığılcım, Babanın çiynində nəvə gedəndə.

Dilində bayatı, dilində yanğı, Qəlbində ən ağır dərd daşıyarsan, Çox dərdlər görmüsən bu vaxta qədər, Elə bu dərdi də mərd daşıyarsan.

Sən imam övladı, el ağsaqqalı, Bilirsən dünyanın işini, Dədə! Yolunu kim kəsib bu vaxta qədər, Kim qırıb əcəlin dişini, Dədə!

Kimin sinəsinə vurmayıb yara, Kimi boğazından çəkməyib dara, Bu dünya beş gündü, beşi də qara, Kimə ağ göstərib beşini, Dədə!

Ölümlə döyüşdə meydanımız dar, Ha çağır, fələyin qulaqları kar. Sizin qapınıza yayda yağdı qar, Gördük təbiətin qışını, Dədə!

Bir damla sevincə könül lələkdi, Ürək ağrılardan dəlik-dəlikdi. Yenə təsəllimiz mərdanəlikdi, Yenə uca saxla başını, Dədə!

Bir ömür yaşadın, üzün ağ olsun, Əyilməz qəddin var, yenə dağ olsun, İxtiyar çağında başın sağ olsun, Çatma bu vaxtında qaşını, Dədə!

2010, 18 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.