Ağrıyır ürək
Daş atıb qıranda dilbilməz, naşı, Ürək qəzəbindən ağrımadımı? Elə göynədi ki, bağrımın başı, Çıxartdı yadımdan ağrım adımı.
İncə bir gözəlin zərif ruhuna Bir naşı tənəsi toxunan kimi, ağrıyır ürək. Odlu baxışından, nurlu gözündən İztirab kəlməsi oxunan kimi, ağrıyır ürək.
Ehtiyac üzündən əlacsız qalıb, Açılan əl görür, ağrıyır ürək. Haqqı utandırıb hörmətdən salan, Əyri əməl görür, ağrıyır ürək.
Tez yanıb, tez sönən bir şimşək bilir, Közü kömür görür, ağrıyır ürək. Vaxtsız şaxta vuran gül-çiçək bilir, Solan ömür görür, ağrıyır ürək.
Yarpaq da düşəndə öz budağından, Birinci ürəyi yaxalayır qəm. Ağır bir xəbəri götürə bilmir, Beş addım getməmiş ağrıyır ürək.
Tufanlar göylərə kül sovurur, kül, Qara yel əsəndə ağrıyır ürək. Şair sinəsində dincəlməz könül, Ağrıma desən də, ağrıyır ürək.
1974, 9 dekabr