Əsas məzmuna keç

Gəraylı

Ağrın alım

Zəlimxan Yaqub

1

Göy üzündə durnaların, Səfi mənəm, ağrın alım. Yer üzündə bulaqların, Safı mənəm, ağrın alım.

Fırlanmağa edər vərdiş, Məndən keçər çərxi-gərdiş. Aşıq, mürşid, ozan, dərviş, Sufi mənəm, ağrın alım.

Yağmaladı məni yağı, Körpülərin çökdü tağı. Ağrımızın Ağrı dağı, Qafı mənəm, ağrın alım.

Halallıqdan tutdum maya, Şükür haqdan gələn paya. Tək sazımla bu dünyaya, Kafi mənəm, ağrın alım.

2009, 25 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.