Əsas məzmuna keç

Heca şeiri

Ağrı

Zəlimxan Yaqub

1
Üstümə gələn şikayətçilərə

Ürək nədir, zərif tel, incələrin incəsi, Sən – qarışqa, dərd – dəvə, qəm – ayının pəncəsi. Hər gün üzünə durur həyatın işgəncəsi, Səni necə qurtarım ağrıların əlindən?

Fikrində ümid yeri, gözündə yaş gəlirsən, Ürəyində qəm yükü, bağrında daş gəlirsən. Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən, Səni necə qurtarım ağrıların əlindən?

Yol dolaşıq, cığır dar, zaman çətin, vaxt ağır, Əngəllərin əlində qalmısan mağmın, fağır. Baxışından üstümə qalaq-qalaq qar yağır, Səni necə qurtarım ağrıların əlindən?

Torpağın yad əlində, özün çadırda əsir, Ayaz vurur, dolu döyür, şaxta vurur, qar kəsir. Hər kəs öz ocağına, öz evinə tələsir, Səni necə qurtarım ağrıların əlindən?

Üzün payız yarpağı, alnın qırış-qırışdır, Qəlbin qəmlər əlində gah küsdü, gah barışdı. Ağladın, göz yaşların göz yaşıma qarışdı, Səni necə qurtarım ağrıların əlindən?

Dodağını yandıran haraydımı, ündümü? Kərpic-kərpic sökülən ömürdümü, gündümü? Bu bulanıq suları durultmaq mümkündümü? Səni necə qurtarım ağrıların əlindən?

Allahı çağırırsan, eşqin Allaha çatmır, Eşitmir vəzir, vəkil, əllərin şaha çatmır, Mənim gücüm çəkdiyin aha, ağrıya çatmır, Səni necə qurtarım ağrıların əlindən?

Nə şaham, nə Allaham, nə peyğəmbər, nə sultan, Qəlbindən keçənləri yaratmağa yox imkan. Təbiətdə qasırğa, cəmiyyətdə sərt tufan, Səni necə qurtarım ağrıların əlindən?

Sən millətin övladı, mən millətin vəkili, Ürəyim cadar-cadar, yuxum ərşə çəkili. Əlim göyə uzalı, gözüm göyə dikili, Səni necə qurtarım ağrıların əlindən?

2000, 26 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.