Əsas məzmuna keç

Qoşma

Ağlı yoxdu

Zəlimxan Yaqub

1

Saz dillənir, köz-köz olub yanıram, Gözü yoxdu bu sehrə göz yumanın. Allah bilir, neçə min il yaşı var, Sazdan qalxan bu tüstünün, dumanın.

Öldürən kim, cəllad kimdi, yağı kim, Kimlər çəkdi sinəmizə dağı, kim. Kim nə bilsin xəstəsi kim, sağı kim, Qəvvas olub bu dəryaya cumanın.

Kərəm niyə bir tərsaya bənd olub, Yanan şəhər, tüstülənən kənd olub. Bir düymədə niyə yetmiş bənd olub, Bir işi var hər şübhənin, gümanın.

Keçə bilmir Ərzrumun qışından, Daş əriyir yanağının yaşından. Ağlı çıxıb Zəlimxanın başından, Ağlı yoxdu ondan ağıl umanın.

1997, 6 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.