Ağladım
Baxdım insanlarına mən bu qoca dünyanın, Gülüşü canlar alan qız görəndə sevindim. Sular sonası kimi sayrışanda gözəllər, Qızların duruşunda naz görəndə sevindim.
Baxdım insanlarına mən bu qoca dünyanın, Qocasına kövrəldim, qarısına ağladım. Baxdım insan oğlunun bağına, bağçasına, Yaşılına sevindim, sarısına ağladım.
Baxdım insanlarına mən bu qoca dünyanın, Həsrətinə göynədim, yarasına ağladım. Yaxşıları, pisləri yarı böldüm ortadan, Yarısına sevindim, yarısına ağladım.
2001, 28 sentyabr