Ağıl – ürək
Bu ölkədə nə qədər şəhid qəbri var, Allah! Bu millət ağrıların əlindən haşa çəkir. Haqqımı almaq üçün döyüşməliyəm deyib, Qəzəbin qılıncını hər axşam daşa çəkir.
Tamah – sonu görünməz mağaraymış, kahaymış, Nəfsimiz özümüzü yeyən bir əjdahaymış. Mədəmiz bu Vətəndən, bu torpaqdan bahaymış, Qeyrətimiz qılınca, qarnımız aşa çəkir. Vətən yanır gözümün ağında, qarasında, Məlhəm ola bilmirəm sızlayan yarasına. Qalmışam ürəyimlə ağlımın arasında, Ağıl barış istəyir, ürək savaşa çəkir.
2002, 8 sentyabr