Əsas məzmuna keç

Heca şeiri

Ağdam Qarabağın toy otağıydı

Zəlimxan Yaqub

1

I

Hər şirin zəngulə, hər şirin nəfəs, Yeni bir dünyaydı, təzə bir həvəs. Arifin içindən gəlirdi bu səs, Ağdam Qarabağın toy otağıydı.

Coşar bəstəçilər, dinər bəstələr, Nə muğam susardı, nə şikəstələr. Kəmərə sığmadı kəmərbəstələr, Ağdam Qarabağın toy otağıydı.

Qədirin dəryada gəmisi vardı, Hələ biçilməmiş zəmisi vardı. Hamı atalıydı, hamı arxalı, Hamının dayısı, əmisi vardı, Ağdam Qarabağın toy otağıydı.

Tək-tək yox, coşardı hər adam belə, Közə çevrilərdi qar adam belə. Xan qızı dinəndə, Xan oxuyanda, Saraya dönərdi qaradam belə, Ağdam Qarabağın toy otağıydı.

Sevənlər dodağa söz əridərdi, Qızlar oda dönər, buz əridərdi. Baharın günəşi əritməyəni, Bircə baxışıyla qız əridərdi, Ağdam Qarabağın toy otağıydı.

II

Nə qızıl üzəngi, nə gümüş yəhər, Nə çapan oğul var, nə qaşqa kəhər. Yediyi zəhrimar, içdiyi zəhər, Ağdam Qarabağın yas otağıdı.

Ocağı alışmır, odu görünmür, Qavalı, kamanı, udu görünmür. Zeynal yaman küsüb, Xudu görünmür, Ağdam Qarabağın yas otağıdı.

Yığılın bir səmtə, araya gəlin, Bir məlhəm axtaraq yaraya gəlin. Ay Famil, ay Şahmar, haraya gəlin, Ağdam Qarabağın yas otağıdı.

Bəxt tərsə fırlanan təkərə dönüb, O boyda məmləkət şikara dönüb, Şahbulaq şaha yox, nökərə dönüb, Ağdam Qarabağın yas otağıdı.

Qəlbimə bir qəmli dastan gəlibdi, Ağrısı düşməndən, dostdan gəlibdi, Hələ ki, bizimki yasdan gəlibdi, Ağdam Qarabağın yas otağıdı.

Min-min qonağının biri Zəlimxan, Seçmir öz gözündə tiri Zəlimxan. Bu ağır həsrətdən utanıb ölmür, Hələ də diridi, diri Zəlimxan, Ağdam Qarabağın yas otağıdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.