Əsas məzmuna keç

Qoşma

Ağa Laçınlıya

Zəlimxan Yaqub

2
Bu şeir on il əvvəl yazılıb. Zəngilanı, Qubadlını gəzib Laçına gəlmişdim. Görüşlər, söhbətlər, məclislər ara vermirdi. Şair dostum Ağa Laçınlı yarızarafat, yarıciddi mənim gəlişim şərəfinə bədahətən belə bir şeir oxudu: Gəldiyin yer Zəngilanla Qubatdı, Bizim Laçın ondan bir az babatdı. Bağışla ki, yollar səni yubatdı, Xoş gəlibsən bu yerlərə, Zəlimxan! Bəxtəvərli günlərimiz idi. Oğuldərəni, Şəlvə dərsini gəzə-gəzə yeni şeirlər yazmışdım. Onlardan biri də Ağa Laçınlıya həsr olunmuşdu. Laçının bugünkü günlərini gözümün qabağına gətirib o günləri xatırladım. Elə bil yarama duz basdılar. Laçının həsrətiylə alışıb-yanan Ağa Laçınlıya yazdığım şeiri bir təsəlli kimi kitaba daxil etməyi məsləhət bildim.

Oğuldərə kəndi, Laçın oylağı, Qaldırar Günəşə, Aya şairi! Axar nəğmələri Həkəri kimi, Oxşadar ilhamı çaya şairi!

Onda bir Çalbayır təbiəti var, Döndərməz üzünü nə qış, nə bahar. Çəkər imtahana şaxta, boran, qar, Şimşəklər çağırar toya şairi!

Soruşar Yaxşını, yarı bulaqdan, Götürər mayanı, varı bulaqdan. İçər Sarı kimi Sarı bulaqdan, O dağlar yetirər boya şairi!

Baxar bu dünyaya Qatar qayadan, Küləklər qəmini atar qayadan. Səsi zirvələrə çatar qayadan, Olar dağ övladı, qaya şairi!

1994

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.