Əsas məzmuna keç

Qəsidə

Afərin, ey əhli-sünnət vəl-cəmaət, afərin

Seyid Əzim Şirvani

2

Afərin, ey əhli-sünnət vəl-cəmaət, afərin! Ey edənlər xəlqə izhari-səxavət, afərin!

Var imiş sizdə həmiyyət, ey güruhi-bavəfa, Binəvalər xeylini etdiz himayət, afərin!

Pul yığıb etdiz zəkat ilə qəni müflisləri, Var imiş sizlərdə asari-zəkavət, afərin!

İki min üç yüz nüfusun rizqinə zamin olub Eylədiz ərzaq möhtacə zəmanət, afərin!

Müttəsəf olduz sifati-rəbbi-rəzzaq ilə siz, Eylədiz eytamü miskinə kəfalət, afərin!

Pul yığıb, buğda alıb tutduz əlin miskinlərin, Ac qalanlar tapdı gör kim istirahət, afərin!

Sədri-məclisdən büruz etdi bu tədbiri-səvab, Afərin, ey məsdəri-izzət, sədarət, afərin!

Adəmü Həvvanı bu buğda ilən şad eylədiz, Baği-cənnət tapdı bu işdən xəsarət, afərin!

Adəmin övladına buğda ilə etdiz kömək, Qoymadız ol həzrəti çəksin xəcalət, afərin!

Çıxdı çənnətdən yeyib buğda babamız çün bizim, Eylədiz buğdayə siz yaxşı siyasət, afərin!

Bir neçə anbarlərdə buğda olmuşdu nihan, Tapdız ol buğdanı, ey əhli-rəşadət, afərin!

Adəmin övladına verdiz dəyirmanlar ara, Əzdilər untək onu, tapdı xəsarət, afərin!

Etdilər tənnurlərdə bərrətək büryan onu, Qıldılar buğdayə izhari-ədavət, afərin!

Atəşi-fəqri məsakinə gülüstan eylədiz, Eyləsin sizdən Xəlilulla fəxarət, afərin!

Həqq-təala razı olsun sizdən, ey əhli-səxa, Qoymaduz çəksin dul övrətlər əhanət, afərin!

Bu bahalıq ildə, bu şiddətli sərma günləri Gərm edib miskinləri etdiz ianət, afərin!

İmperaturi-müəzzəm eyləmişdi həm kömək, Çox rəiyyət xatirin etdi rəayət, afərin!

Tutdu miskinlər əlin ehsani-bipayan ilə, Afərin, ey şahi-iqlimi-ədalət, afərin!

Əlli ildə böylə il aləmdə bir dəfə düşər, Etdiz, ey ərbabi-himmət, rəfi-üsrət, afərin!

Sali-milad ilə yazdım bu ilin tarixini, Ta Məsihadən bizə olsun kəramət, afərin!

Bir cidavü iki möhməl sıfr onun tarixidir, Afərinlər, Seyyida, ruhi-fəsahət, afərin!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.