Adam kimi
Gün necə doğursa, elə doğasan, Ay necə batırsa, elə batasan. Çaylar dənizlərə necə çatırsa, Sən də öz arzuna elə çatasan.
Dəmir sərhədləri vurub keçəsən, Keçilməz, aşılmaz səddin olmaya. Qayatək şax durub, şux yeriyəsən, Əyilən, bükülən qəddin olmaya.
Şığıya biləsən qartallar kimi, Çən kimi torpaqda sürünməyəsən. Üzdə işıq olub dalğalanasan, Gözə duman kimi görünməyəsən.
Dərə dərinlikdə, dağ ucalıqda, Üfüq genişlikdə ürəyin ola. Elə güvənəsən bu genişliyə, Bütün ömrün boyu gərəyin ola.
Nə kimsə əmr edə, göstəriş verə, Nə də sən kiməsə əmr eyləyəsən. Başsız külək kimi, axar su kimi, Bir söz... adam kimi ömr eyləyəsən.