Əsas məzmuna keç

Heca şeiri

Acı etiraf

Zəlimxan Yaqub

1

Mənə nələr vermədi əsrin axır illəri, Gözümə yaşı verdi, saçıma qarı verdi. Hər kəndə, hər şəhərə bir şəhid qəbristanı, Hər evə, hər ocağa şəhid məzarı verdi.

Tarix mənə nə verdi, ağrı, işgəncə, əzab, Qanım sellərə döndü, əldən Xocalı getdi. Şuşa əldən çıxanda uzun dilim gödəldi, Sözümün, söhbətimin şərbəti, balı getdi!

Tarix mənə nə verdi, əsir düşüb ağlamaq, Od kimi tüstüləndim, ocaq kimi qalandım. Boy çatmırdı boyuma, ucalar ucasıydım, Kəlbəcər veriləndə xeyli balacalandım!

Nuhun tufanındadı bu gün Azərbaycanım, Onu Ağrı dağına qaldıran bir gəmi yox. İştahlarda yeyildi, tamahlarda daşındı, Sağalmaz yarası var, sağaldan məlhəmi yox.

Gurultuyla inanıb, parıltıyla aldanıb, Dilbilməz uşaq kimi özümü aldatmışam. İsrafilin suru da ayılda bilməz məni, Mən ki fil qulağında zaman-zaman yatmışam.

Yurdu qorumaq üçün, o dağların döşündə, Palıd kimi kök atıb, qaya kimi bitmədim. Min il kəsilməyəcək Laçının göynərtisi, Çalbayır çağıranda harayına yetmədim!

Başımdakı dumanlar bir də çətin dağılar, Lənətlə anılacaq sabah bəlkə də adım. Babaların qəbrini dağıdanda yağılar, Bir qəbir yeri boyda torpaq qoruyammadım!

Mən ki bu torpaq üçün canımdan keçəmmədim, Ölsəm, məni qoynuna götürməyə haqqı yox! Mənim duyğularımı gərəksiz toxum kimi, Çürütməyə haqqı var, bitirməyə haqqı yox!

Qoy mənim başdaşımda bu tarix yazılmasın, Yandırın cənazəmi, külüm sovrulsun göyə. Bu illərdən göz yaşı, xəyanət gördüm deyə, Torpağın heç yerində məzarım qazılmasın!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.