Açılır
Mənim qapım axşam kədər, sabah qəm, Gah ağrıya, gah əlaca açılır. Kim qapını necə açır, bilmirəm, Mənim qapım ehtiyaca açılır.
Ehtiyacdı hər addımı, pilləsi, Yanağımda zamanın sərt şilləsi. Ürəyimə dəyir dərdin gülləsi, Kürəyimdə qanlı baca açılır.
Sınıq könül səxavətlə tapılar, Paysıza da pay aparan tapılar. Gözlərimdə Kəbələşir qapılar, Nə zaman ki, toxdan aca açılır.
Ümid ölür xeyir şərə dönəndə, Könül gülür yanaq zərə dönəndə. İnsan oğlu peyğəmbərə dönəndə, Yol cənnətə, yol meraca açılır.
2000, 3 dekabr