Əsas məzmuna keç

Heca şeiri

Açıldı üzümüzə Kəbənin qapıları

Zəlimxan Yaqub

2

Ulu bir ziyarətin yolunda zəvvar olduq, Allah bizim yarımız, biz Allaha yar olduq. Dünyaya təzə gəldik, biz təzədən var olduq, Ürəklər sudan duru, könüllər aydan arı, Açıldı üzümüzə Kəbənin qapıları!

Sanki quru səhralar yumşaldı, məxmər oldu, Göz gördü bu hikməti, ürəyə xəbər oldu. Dilimizin nidası “Allahu-Əkbər!” oldu, Fikrimiz, düşüncəmiz dağların dümağ qarı, Açıldı üzümüzə Kəbənin qapıları!

İllərlə vaxt gəzmişik bu qapını açmağa, Bu məbədin nurunu ruhumuza saçmağa. Allah verdi fürsəti, qanadlanıb uçmağa, Yüz illərin arzusu yetirdi şirin barı, Açıldı üzümüzə Kəbənin qapıları!

Burda iki tərəf yox, hamı birtərəf oldu, Durna qatarı kimi möminlər səf-səf oldu. Ehram paltarı geymək ən böyük şərəf oldu, Yeridi ağ dalğalar üzü qibləyə sarı, Açıldı üzümüzə Kəbənin qapıları!

Ağrıların dərmanı, dərdlərin əlacıymış, Gözün, könlün istəyi, ruhun ehtiyacıymış. Görüşlərin, yolların, səfərlərin tacıymış, İllərdi yar gəzirdim, tapdım həqiqi yarı, Açıldı üzümüzə Kəbənin qapıları!

Mədinə, 1994, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.