ABDULLA BƏY ASİ VƏ XUDADAD BƏYİN VƏFATI MÜNASİBƏTİLƏ
Bu necə zülm idi, ey çərx ki, bünyad etdin, Niyə zülm etmək üçün təbüvi mötad etdin? Bir utan, ey fələki-süflə, bu dövranından, Gör kimi zarü həzin, kimləri dilşad etdin! Atəşi-hadisədən çox gözü qıldın pürtab, Min Süleymanı salıb torpağa bərbad etdin. Gah atıb tiri-bəla oxladın Abdullahı, Gah çəkib tiği-cəfa qəsdi-Xudadad etdin. Ta ki Mərrixə inayət elədin tiği-sitəm, Bilmədim ki, onu bikəslərə cəllad etdin. Zülmkar ismi ilə aləmə oldum məşhur, Yeri, ey çərx, adın batsın, əcəb ad etdin! Qüssədən günlərimi şamə bərabər qıldın, Giryədən gözlərimi Dəcleyi-Bəğdad etdin. Oldu Şirvan mənə Yəqub kimi Beytül-həzən, Ta ki gürgi-əcəli Yusifə səyyad etdin. Bilmədim, heyf ki, ey çərx, nə əfsun oxudun, Qəleyi-Şişədə təsxiri-pərizad etdin. Hansı Yusif? O əzizi ki, sən əvvəldə onun Türbətilə şüəra silkinə ustad etdin. Niyə qıldın onu, ey çərx, sən axırda zəbun, Bu nə ayinü rəvişdir ki, sən icad etdin?
Ah, bu hiyləgərin dad əlindən, səd dad! İstəməz dəhrdə ərbabi-vəfanı dilşad.
Cövrgüstər fələka! Bu nə cəfadır, nə sitəm?! Elədin qamətimi bari-müsibətdən xəm. Bəs deyilmiydi bizə daği-əzayi-Fələki? Bəs deyilmiydi bizə matəmi-Həssani-əcəm? Bəs deyilmiydi bizə daği-Xudadad, ey çərx? Elədin sən yenə amadə bir özgə matəm. Nə verirsən bu qədər aləmə dərd üstən dərd? Nə tökürsən bu qədər könlümə qəm üstən qəm? Qayəti-hüzn ilə əzbəs ki yanıbdır cigərim, Saçılır aləmə odlar nəfəsimdən hər dəm. Necəsən, indi ki bir ahi-şərarbap çəkim, Yandırıb eyləyim, ey çərx, əsasın bərhəm?! Zatın olmuş məgər ənduhü bəladən təxmir, Dəmbədəm aləmə səndən yetişir dərdü ələm?! Hansı kəsdir ki ola dəhrdə səndən dilşad, Hansı dildir ki ola dövrdə səndən xürrəm?! Neyləyibdir sənə, ey qatili-ənvai-bəşər! Neyləyibdir sənə, ey zalimi-nəsli-Adəm? Hər sürurundadı yüz dərdü müsibət müzmər, Hər nişatındadı min qüssəvü möhnət müdğəm. Ağlasam ol şəhi-iqlimi-vəfadən ötrü, Ahü fəryadıma eyb eyləməyin, ey həmdəm!
Necə ah eyləməyim, ah ki, şahım getdi! Qoydu tənha məni ol püştü pənahım getdi!
Yenə ərbabi-vəfa aləm ara xar oldu, Əhli-dil ney kimi fəryadə gəlib zar oldu. Ey könül, bu güli-gülzari-vəfadən ötrü, Əşki-gülgün ilə gözlər yenə gülnar oldu. Dağlərdir çəkilən sinələrə lalə kimi, Ey cünun, seyr elə kim, mövsimi-gülzar oldu. Ta ki qərq oldu bəla bəhrinə ol dürri-yətim, Sədəfi-didələrim bir düri-şəhvar oldu. Mərifət gövhəri olmuşdu cahan içrə kəsad, Ona sərrafi-əcəl gəldi, xəridar oldu. Saldı qəm daireyi-möhnətə üftadələri, Könül ol dairədə nöqteyi-pərgar oldu. Qafili etdilər agah çü bu möhnətdən, Möhnəti-hadiseyi-dəhrə giriftar oldu. Getdi mirati-dili-safi-Səfadən rövnəq, Ta ki bu möhnəti-üzmayə xəbərdar oldu. Rağibin rəğbəti bilmərrə gedib dünyadən, Şad olub mərginə öz ömrünə bizar oldu. Bixudun əxtəri-iqbalına üz verdi vəbal, Sabitin kövkəbi-əşki üzə səyyar oldu. Seyyidi-bəxti-qəranın günü oldu qarə, Zövinin çeşminə məcmui-cahan tar oldu.
Saldı torpağə fələk zülm ilə mehrü mahı, Ya həlak etdi Xudadad ilə Abdullahı.