20 yanvar günü
20 Yanvar günü – Boran günü, qar günü! Baxış – yağı baxışı, Yağış – güllə yağışı. Tökülən insan qanı, Tökən əsrin insanı. Coşan insan dənizi, Solan insan bənizi. Üzlərdə sonsuz kədər, Gözlərdə qayğı, qəhər. Çalxandıqca çalxanır, Könüllər qəm içində. Bakı yas içindədir, Bakı matəm içində!
İyirmi yanvar günü – Millətimin dar günü! Anaların üzündə, Qanla açılan şırım, Ataların başında, Çaxan şimşək, ildırım. Bacıların qəlbində, Sağalmaz qardaş dağı, Qardaşların gözündə, Qan odu, qan ocağı. Ölüm dalınca ölüm, Qandı çiçəyim, gülüm. Qandı əllər, dodaqlar, Qandı dişlər, dodaqlar, Çatılan qaşlarda qan, Yolunan saçlarda qan. Ayaqda qan, başda qan, Torpaqda qan, daşda qan. Yanaqlardan yaş gedir, Kirpiklər nəm içində. Bakı dərd içindədir, Bakı matəm içində!
İyirmi yanvar günü – Xalqımızın başına, Açılan oyunların, Yenidən təkrar günü! Ellərin ürəyindən, Axıb qara qan gedir. Azadlıq meydanından, Dağüstü parka doğru, Qara bir karvan gedir! Bu karvanın yükü qəm, Budağı qəm, kökü qəm. Gedir çiyinlər üstə, Şəhid cənazələri. Bütün dünya eşidir, Bu dəhşətli xəbəri. Dinirik, susdururlar, Əzirik, küsdürürlər. Haqq çağıran dilləri, Dibindən kəsdirirlər. Bütün dünya eşidir, Şəhid oğullar verən, Torpağın harayını. Dünya unudan deyil, Qanlı yanvar ayını! Tarix unuda bilməz, Bu qanlı müsibəti, Eşidənin, görənin, Çıxmaz yadından qəti. İki milyonluq şəhər, Qalxır, yatır, vurnuxur, Zülm, sitəm içində. Bakı qan içindədir, Bakı matəm içində!