Etibar olarmı özgə dağlara
Etibar olarmı özgə dağlara, Söykənmək istəsən, öz dağın ola. Olmaya sinəndə nə dağ, nə düyün, Olanda arxanda yüz dağın ola.
92 əsər · Müstəqil dörd misralıq şeir
Etibar olarmı özgə dağlara, Söykənmək istəsən, öz dağın ola. Olmaya sinəndə nə dağ, nə düyün, Olanda arxanda yüz dağın ola.
Nə gəl bənövşətək boyun əy, gözəl, Yandırma bağrımı nə lalə kimi. Eşqinlə odlanan bir ürəyim var, Tökül ürəyimə şəlalə kimi.
Həyatın verdiyi dərdə, sevincə, Hamı bir sevinə, hamı bir yana. Dünyanın üstünə xoş xəbər gələ, Süfrədə hamının şamı bir yana.
Vətəndir alovu, vətəndir közü, Eşqimin gözləri kor olan deyil. Ona məhəbbətim sönməz işıqdır, Yatıb kül altında qor olan deyil.
Çiçək sayrışanda bağda, bağçada, Deyirəm meh əssin, külək əsməsin. Arzunun gülşəni solar həyatda, Yarpaq titrəməsin, ürək əsməsin.
Zəhmətdən qaçanlar dağlar aşmadı, Yolları həmişə düzdən saldılar. Naşılar sənətə heç yaraşmadı, Gözəl şairləri gözdən saldılar.
Müqəddəs eşqimiz xırdalanmasa, Hər addımbaşında sınama məni. Qəlbində şübhələr, bəlkələr olsa, Qına ürəyini, qınama məni.
Şeirim, səndən ötrü varaq gəzirəm, Yazılma qələmim, mürəkkəbimlə. Yazıl dağlar üstə, qayalar üstə, Qızılı qanımla, qaynar təbimlə!
Mənim də silahım sözdü, şeirdi, Gərək söz daşıyam, silah daşıyam. Neçə sənətkarın, neçə ustadın, Neçə sərkərdənin silahdaşıyam!
Söhbətin, ülfətin şirin yerində Kimsə sözümüzü kəsə, qorxuram. Üzürəm suların dərin yerində, Nəsə qısqanıram, nəsə qorxuram.
Beyindən bir fikrin toxumu düşsə, Qəlbin torpağında cücərməlidir. Şirin nəğmələri, şirin sözləri, İlham bağban kimi becərməlidir!
Əl atmaq nə lazım kağız, qələmə, Heç kəsə demərəm yaz ünvanımı. Kimə gərək olsa sözüm, söhbətim, Ona göstərəcək saz ünvanımı.
Payız yağışıdır bu axşam yağan, Könlümü açan da onun səsidir. Hər yağış mənalı bir nəğmədirsə, Hər damla şeirimin bir nöqtəsidir.
Bəzənib torpağın qoynu, qucağı, Dərəsi yamyaşıl, dağı yamyaşıl. Qadasın aldığım qara torpağın Gülü dümqırmızı, tağı yamyaşıl.
Üzü qaralmasa ağ varaqların, Şairin həyatda üzü ağ olmaz. Dayanma, ey qələm, susma, ey ilham, Nəğməsiz, şeirsiz yaşamaq olmaz.
Həyatdan ikinci ömür istəmə, Onsuz da heç kəsə verəsi deyil. Bir ömrün eşqinə bir iş görməyən, Yüz ömür versən də, görəsi deyil.
Bəhlul yaman dəcəllənib, Elə, “gəl dalaşaq” – deyir. Yoxdu bizim məhəllədə Məndən qoçaq uşaq, – deyir.