Ruh
Ruhun qanadlarını qırmaq olmaz həyatda, Ruhsuz heç bir cəbhəni yarmaq olmaz həyatda. Ruhla oyan, ruhla yat, davam eyləsin həyat, Ruhsuz bir addım yola varmaq olmaz həyatda!
38 əsər · Müstəqil dörd misralıq şeir
Ruhun qanadlarını qırmaq olmaz həyatda, Ruhsuz heç bir cəbhəni yarmaq olmaz həyatda. Ruhla oyan, ruhla yat, davam eyləsin həyat, Ruhsuz bir addım yola varmaq olmaz həyatda!
Mürgülü misralar, hansı yataqda, Hansı balınc üstə uyuyursunuz? Mənsiz yata-yata fil qulağında, Deyəsən, şairdən soyuyursunuz.
Axır Araz kimi, coşur Kür kimi, Dost olur, yar olur sevincə, dərdə. Ömrü yaşadıqca bir ömür kimi, İnsan heykəl olur xatirələrdə.
Göylərin qapısı üzümə açıq, Yerlərin qapısı üzümə açıq. Desəm ki, Allahı görə bilmirəm, Haqqa ağır gələr, Allaha acıq.
Haqqı gör, haqqa bax, haqq ilə din-danış, Şairsən, üzünü günə tut, Aya tut. Tanrının dərgahı işıqsız keçinməz, Saflıqdan, işıqdan ruhuna maya tut.
Açılıb içimdə dərin bir dərə, Uçurum, sıldırım ağlı çaşdırır. Ahım tüstü kimi qalxır göylərə, Dərd məni ölümə yaxınlaşdırır.
Fikrin köhlən atını çapdım, dördnala sürdüm, Çox arzuya can atdım, çoxu başa varmadı. Uzaq-uzaq yolları gözlərimə köçürdüm, Ömrüm-günüm tükəndi, bu yollar qurtarmadı.
Səsimi həmişə eşidib zaman, Mən zərin şeşiyəm, yek olmamışam. Ruhumda Allah var, qəlbimdə insan, Heç yerdə, heç zaman tək olmamışam.
Sevgisiz ürəkdə il quraq keçər, Gül olmaz açıla, sel olmaz, axa. Quru səhralara sirdaş olarsan, Tikanlar əlində cırılar yaxa.
Bir ağac ustasının sevimli əsəridi, O qapını yavaş vur, asta aç, asta bağla. Azalmasın bu evin heç vaxt qonaq-qarası, Yorulmasın əllərin, dosta aç, dosta bağla.
Qoymur ki, gözəlliyə könül verək, göz açaq. Ankaranın yağmuru hey yağır saçaq-saçaq. Gözüm üzündə qaldı, gül açmadı yanağı, Günəşində çimmədi, incik gedir qonağı.
Sabah var, axşamdan qaranlıq gəlir, Axşam var, sabahdan nurlu, işıqlı. Ürək sevinəndə, ürək güləndə, Ömür naxışlıdı, gül yaraşıqlı.
Köklər budaqlarla görüşə bilməz, Göyə qovuşmağa yer həsrət çəkir. Köklər ömrü boyu qaranlıqdadı, Budaqlar günəşlə kef-ləzzət çəkir.