Əsas məzmuna keç

Dördlük

92 əsər · Müstəqil dörd misralıq şeir

Ola bilməz

İnsan oğlu ucalardan uca durar Vətənində, Torpağında çiçək açar, güllər vaxtsız sola bilməz. Suları şırhaşır axa, bülbülləri cəh-cəh vura, Qürbət ölkə dönüb heç vaxt doğma Vətən ola bilməz.

Meşə

Dağlar vüqarısa, çaylar eşqisə, Anamız torpağın tacıdır meşə. Qovurar, qızardar, közə döndərər, Qızıl yarpaqların sacıdır meşə.

Olur

Həyat qəribədir, budağın üstə Həm qızılgül olur, həm tikan olur. İnsan qəribədir, dodağın üstə, Sevinc gül açanda, qəm tikan olur.

Gözlər

Odur ulduzum da, odur ayım da, Torpağam, mənimdi səmavi gözlər. Mən ona bağlıyam, daha gözlərim Nə qara axtarar, nə mavi gözlər.

Barmaqlar

Həkimdə olanda həyat gətirər, Xəstəyə şəfalı dərman yazarsız. Cəlladda olanda ölüm yetirər, Minlərin qətlinə fərman yazarsız.

Doğmayam

Heç yerdə, heç zaman deyiləm qərib, Hara ayaq bassam, öz vətənimdir. Əlim hər çəməndə gül-çiçək dərib, Mən bu torpağınam, torpaq mənimdir.

Yollar

Çatmaq istəyirəm şöhrətə, ada, Yollara baxıram, dağdır, enişdir. Keçib o yolları – kimin dünyada Eşqi müqəddəsdir, qəlbi genişdir.

Sənsiz

Ürək, bir dəqiqə gəzə bilmərəm Nə yamacı sənsiz, nə yalı sənsiz. Ana təbiəti duymaq olarmı, Yetimdir şairin xəyalı sənsiz.

Dünyada

Ürəyin bir dərya sevinci olsa, Bir damla kədərdən azdı, dünyada. Baş uca, qəlb açıq, üz gülər olsa, Qış fəsli insana yazdı, dünyada.

Nənəmə

Cavan idin, kəlağayın ağ idi, Yaraşırdı ağa qara tellərin. Örpəyinin rəngi hopdu tellərə, İllər keçdi, döndü qara tellərin.

Lövhə

Ərik ağacında çiçəklərə bax, Elə bil budaqda yaza qar yağıb. Bu necə qardı ki, əritmir günəş, Qışın ömründənmi yadigar qalıb.

Lövhə

Yay gəlib, yaylağa çəkilib ellər, Aranın qoynuna bürkü düşübdü. Görünmür dumanı qoca dağların, Elə bil, çiynindən kürkü düşübdü.

Hədiyyə

Anam məni bu dünyaya hədiyyə verdi, Ötdü həzin nəğmələrlə qəlbinin simi. Mən də gərək bu dünyaya hədiyyə verəm, Mənə əziz övlad olan şeirlərimi!