Heyif
Heyif bu torpaqlara dodağı cadar-cadar, Ahları eşidilsə, səsi göylərə çatar.
38 əsər · Müstəqil dörd misralıq şeir
Heyif bu torpaqlara dodağı cadar-cadar, Ahları eşidilsə, səsi göylərə çatar.
Göylə gedənlərin yerə enməyi, Bütün uçanların sürünməyi var. Sevinc işığına bürünənlərin Kədər libasına bürünməyi var.
Nə kövrək ruhun var, nə yanan canın, Daha gözlərini yaş tutmayacaq! Məni yaşatmağı bacarmadınsa, Bizim söhbətimiz baş tutmayacaq!
Günahım yerlərə, göylərə sığmaz, Nə Allah, nə bəndə bağışlar məni. O qədər ağladım günahlarıma, Yuyub aparacaq yağışlar məni.
Od yanır, oddan qorxuram, Su daşır, sudan qorxuram. Odnan suyun arasında, Qalan arzudan qorxuram.
Heç kəsə açmadı ürək sirrini, Özüylə apardı dərdini zalım. Dərdini qəlbində dəfn edənlərə, Bir rəhmət oxuyun, dərdiniz alım.
Dünya sonsuz, əbədi, Ömür bir göz qırpımı. Öz ahım yandıracaq, Odunumu, tüstümü.
Göylərdən başıma yağdı daş-qaya, Aldılar gücümü, dayaqlarımı. Qanadlı gəlmişdim mən bu dünyaya, Sürüyüb gedirəm ayaqlarımı.
Yaza-yaza gəzmişəm, gəzə-gəzə yazmışam. Mənə quyu qazmayın, öz quyumu qazmışam.
Çaşır insan kimi ömür də, gün də, Bilmir qışa getsin, bahara getsin. Gedir öz qəbrinə ağ geyinənlər, Qara geyinənlər bəs hara getsin?
Tanrım, qar içində çiçəklərə bax, Ölümün ağzından bir həyat çıxıb. Gör zərif vücudun nə qiyməti var, Şaxtadan, ayazdan salamat çıxıb.
Mənə sevgilər üstə bağışlanan bir ömür, Keçdi ağrı-acıyla, keçdi ləzzətlə, tamla. Ey mənim yaradanım, heç kəsə yalvarmaram, Sən vermişdin möhləti, sən özün də tamamla.
İnanmışam ilhama, güvənmişəm qələmə, Mənim şeirlərimi yumaz su, yaxmaz ocaq. Torpağın üstündəki dirilər tükənəndə Torpağın altındakı ölülər oxuyacaq!
Dənim təravətli, sünbülüm dolu, Meh vuran dəniztək ləpələnmişəm. Bərəkət yoludu şairin yolu, Dən-dən könüllərə səpələnmişəm.
Qurumuş bulağın gözünə baxdım, Qaynar baxışımdan çeşmə dirildi. Sular şair ilə pıçıldaşanda, Bayatı dirildi, qoşam dirildi.
Dünən bahar idim, çiçəklənirdim, Bu gün payız kimi yarpaq tökürəm. Özüm öz ömrümü dəfn eyləyirəm, Özüm öz gözümə torpaq tökürəm.
Açıqdır qapıları, Könlümün evinə gəl. Mən sevinc bəxş edənəm, Sevinə-sevinə gəl.
Bağçalar dolanıb bağlar gəzirdim, Bülbülün dilində duydum şeirimi. Bülbül oxuyursa, xoşbəxtəm, demək, Gözümün üstünə qoydum şeirimi.
Oğul, elə saxla qəlbi, ürəyi, Göy kimi boşalıb-dolandan olsun. Yazanda elə yaz kitabını sən, Qalından olmasın, qalandan olsun!
Gecələrdən səhərlərə, Şairlər əliboş gəlməz. Ağ varaqlar qaralmasa, Görüş Allaha xoş gəlməz.
Başım yaman ağrayır, Kəsmək bilmir ağrısı. Baş neyləsin, başdadı Yerin, göyün ağrısı.
Gecə keçir gecədən, gözlərimi yumuram, Yuxu adlı dəryanın ağuşuna cumuram. Bütün yatmışlar üçün Tanrımdan, Allahımdan, Sakit axşam, xoş gecə, nurlu sabah umuram.
Qaşlarına kim vurub bu paslanmış kilidi, Neçə açar salmışam, hamısı sındı getdi. Üşüyən tək mən oldum baxışların buzunda, Çatdı gur ocağını, hamı qızındı getdi.
Qanımda anamın qaynar nəfəsi, Qəlbim oğulların sırasındadı. Atamın vurduğu şillənin səsi, Şeirimin ən güclü misrasındadı.
Tanrı sevib xoş nəzərlə baxanda, Hər nəsildə neçə dahi böyüyür. Bəndələri bir-birini yıxanda, Nə bir bəndə, nə ilahi böyüyür.