Ey bəstə qılan çahi-zənəxdanə məni
Ey bəstə qılan çahi-zənəxdanə məni, Məğlul eləyən zülfi-pərişanə məni. Məndən təki ol xatirin olsun xoşnud, Şadəm ki, salır fələk bu zindanə məni.
91 əsər · Dörd misralıq fəlsəfi şeir
Ey bəstə qılan çahi-zənəxdanə məni, Məğlul eləyən zülfi-pərişanə məni. Məndən təki ol xatirin olsun xoşnud, Şadəm ki, salır fələk bu zindanə məni.
Meyxanə tərəf amandı, var, ey saqi, Gör xümdə əgər şərab var, ey saqi! Qəmdən saralan çöhrəmi gülgun etsin, Ləli-meyi-nabi-xoşgüvar, ey saqi!
Getdim, aradım Kəbeyi-ülyadə səni, Zahid dedi: görmək olur üqbadə səni. Açıldı gözüm, hər yerə baxdım sənsən, Görmək olumuş eylə bu dünyadə səni.
Bu Gəncədə bir gənci-nihanım qaldı, Bir simbədən, qönçədəhanım qaldı. Tanrı bili kim, tari-səri-zülfündə Guya üzülüb rişteyi-canım qaldı.
Var Ərdəbilin xeyli gözəl torpağı, Tər yoncası, göy səbzəsi, xürrəm bağı. Hərdəm ki, düşər yadıma, həsrət çəkərəm, Bali-Səbəlan ilə gomuş qaymağı.
Zahid arayır məscidi-əqsadə səni, Rahib diləyir künci-kəlisadə səni, Billəh ki, cahan əhlinə sənsən məqsud, Hər kimsənə bir növ salır yadə səni.
Xeyli uludur Dəməşq həmmamləri, Şirin suludur Dəməşq həmmamləri, Külxənlərə daldan atılır gündə kötük, Daldan doludur Dəməşq həmmamləri.
Saqi, oxudum nəqli-Əbu-Qəbşanı, Taifdə Qusəylə etdigi sövdanı. Bir xiki-şərabə satdı Beytullahı, Bir camə nolur mən də verəm iymanı.
Söz yox ki, Gülüstani-İrəmdir Qudyal, Ahuləri ram olan hərəmdir Qudyal. Kimin... var bunlara manənd olsun, Başdan ayağa əhli-kərəmdir Qudyal.
Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl, Ahuyi-tilanı sirqəd etdi o dəğəl, Amma aparıb satıb, pulun aldı şərab, Bəh, bəh! Nə gözəl işdi, nə fərxəndə əməl!
Xaki-Nəcəfi-Əşrəfə oldum vasil, Səd şükr xudayə, feyz aldım kamil, Sərsəbz olub məzrəeyi-amalım, Xirmən-xirmən səadət etdim hasil.
Tiflisdə bir sərvqədü siməndam, Mehmanım olub bir gecə içdi neçə cam, Sordum ləbini güldü, dedi: ey Seyyid, Şər ilə məgər degil sizə badə həram?
Bir gecə çəkib başıma meydən neçə cam, Sərməst elədim künci-kəlisadə məqam, Gördüm bu qəribə halı, sübhanallah, Təsbih qılır həqqə cəmii əsnam.
Əngur genə bağdə göstərdi şikəm, İsayə məgər hamilə oldu Məryəm?! Hərçənd ki, mey düxtəri-rəzdir, amma, Bir qızdı ki, yüz oğlana verməz adəm.
«Məndən yetirin Əhmədi-Muxtarə səlam, İkram ilə ərz edin ki, ey fəxri-ənam. Şərində neçin həlaldır turş ayran, Oldu nə üçün badeyi-gülfam həram?»
Şərayi-Yəmanidi şərabi-gülfam, Kim məğribi-xumdəndi tülui hər şam; Çün xasiyyətində vardı təsiri-Süheyl, Övladi-zinanı yetirir qətlə təmam.
Bir ay rəməzan oruc tutub hər axşam, İftarımı eylədim şərabi-gülfam, İndi nədir, ey şeyx, şəriət hökmü, Kəffarə verim, oruc tutum, ya itam?
Qumri, sənə xeyli vəqt həsrət çəkdim, Əşarına yerdən gögə minnət çəkdim. Ta çap olunub kitabın oldu zahir, Öz tutduğum əfalə xəcalət çəkdim.
Min üç yüz idi, əlliyə yetdi yaşım, Kafur kimi qəmdən ağardı başım. Həm qüvvəti-masikə olub səxt zəif, Burnum suyuna qarışdı həm göz yaşım.
Cənnət kimidir havası Gürcüstanın, Var Kəbə kimi səfası Gürcüstanın: Göyçəkləri xoşkəlam, aşiqlərə ram, Vacibdi bizə duası Gürcüstanın.
Hər şəhrdən əfzundu səfası Misrin, Təxmir olub işrətlə binası Misrin. Firontək iddiayə düşsəm nə əcəb, Çox zövqlidir abü həvası Misrin.
Şirvanda əgər bir gözələ yar olasan, Lazımdı ki, yüz dərdə giriftar olasan, Əldən gedəcək malü mənalın axır, Vacibdi ki, biqeyrətü biar olasan.
Ey şəhri-Mədinə, kimyadır xakın, Sərmənzilisən padşəhi-lövlakın. Aquşə çəkib leylətül-əsra mahın, Gətdin yerə gögdən gününü əflakın.
Ta gül üzüvə gəldi xəti-reyhanın, Ol qıldı şikəstə rövnəqin bostanın, Ey kaş ki, çıxmayaydı ta şami-əbəd Nəsx eylədi islamı çıxan fərmanın.
Ey Şeyx Nizami, ey nizamı dağılan, Ey Gəncədə izzü ehtişamı dağılan, Olmuşmu səninlə mən kimi aləmdə Beyti, evi, məktəbi, kəlamı dağılan?