İddiası nədir aya, yol azan gümrahın
İddiası nədir aya, yol azan gümrahın, Varmı, ya yoxmu deyir xaliqi-aləm heyhat... O ki, təhqiq edəməz varlığını allahın, Öylə də yoxluğunu eyləyə bilməz isbat.
91 əsər · Müstəqil dörd misralıq şeir
İddiası nədir aya, yol azan gümrahın, Varmı, ya yoxmu deyir xaliqi-aləm heyhat... O ki, təhqiq edəməz varlığını allahın, Öylə də yoxluğunu eyləyə bilməz isbat.
Aləmi bir yaradan qüvvə vücudiyyətinə, İxtilaf etməmiş əfkari-bəşər hiç zaman. Müttəfiq cümlə-cahan əhli ilahiyyətinə, Künhi-mahiyyətidir aləmi qoymuş heyran.
Fitnələr mayəsi ey simü zər əl çək məndən, Kəs ümidin sənə meyl etməyim aləmdə çətin. Sənsən insanları yek digərinə düşmən edən, Lənət ol sikkənə ey aləti-iblisi-ləin.
Aman, ey növi-bəşər, qardaş oyan qəflətdən, Gör nədir bunca ədavət, bu xüsumət səbəbi. Gəliniz endirəlim simü zəri hörmətdən, Var əgər birlik üçün bizdə siyasət tələbi.
Sadə bir kəsdən əgər sadir ola cüzi günah. Yüz məzəmmət gəliyor anə bu cahillərdən, Filosof adlanaraq vəsf olunur da səd ah... Qətli insanlara min dürlü əməl hazır edən.
Hər əsrdə bu təfriqəni gördü görənlər, «Övladi-bəşər birləşiniz» bu səs ucaldı. Ərbabi-nidalər də olub firqeyi-digər, Axır bu nəticə daha da firqə çoxaldı.
Məhşər günü derlər ki, bir atəşi var eşitdim, Asilər onun şöləsinə tuş olacaqdır. Münkir deyiləm bu sözə, amma var ümidim, Qəhr ilə yanan rəhm ilə xamuş olacaqdır.
Bilməm nə təmənnadır ilahi, bu müəmma, Cəm istər iken ziddi bu cühhal dənilər. Təbliği-təməddün edərək, həqqdən amma, Tərif ediyor xəlqi bu vəhşi mədənilər.
Hər bixəbərin eyləmə təqlidinə adət, Kəsb eylə kamal əhli-kamal arxadaşından. Təhqiqə çalış hər işi, ol əhli-həqiqət, Bir kərrə çıxart noxteyi-təqlidi başından,
Hər işə, hər şeyə bir əndazəyi-məhdud var, Cümlə nasehlər demiş təkrar bu pəndi sənə. Həddidən etmə təcavüz, həddə bir məmdud var, Zidd olur hər hədd zatindən keçən kəndi sənə.
Gülmədi bir dəm üzümə talei-nasaidim, Xəlqə hey izhari-mehr etdikcə qəhr aldım əvəz. Hər kəsə bir cam şəkkərab ehsan eylədim, Cismü can odlandıran bir kasə zəhr aldım əvəz.
Fasiq desələr şairə, yainki müqəddəs, Düzdür deyə sanma, hər bir zənnü gümandır. Şairləri bilmək, tanımaq istəsə hər kəs, Ayineyi-şerində nə görsənsə hamandır.
Nədir, nədəndir ilahi şu ixtilafi-bəşər, Ki, bir nəfər də ola ol fəsadə talib yox. Əcibə hadisədir var ikən şu fitnəvü şər, Vəli ümumi bəşərdən o felə sahib yox.
Verilsə vədəyi-ehrar xəlqə hər dəmdə, İnanma boş sözə, get bildiyün kitabəti yaz. Yetimə dil verilir, bu məsəldir aləmdə, Acından ölsə də əmma çörək verən olmaz.
Təbiətin şu əcib iqtidarinə daim, Təhəyyüratım olur vadiyi-əcəbdə ziyad. Gər olmasaydı o başqa vücud ilə qaim, Deyərdim ancaq odur aləmi edən icad.
Gələydi kaş geri bunca bu gedənlərdən, Olaydı faş cahan əhlinə bu sirri-nihan. O aləmin nə kimi olduğun görənlərdən, Zəif qəlblər üçün olaydı etminan.
Təriqi-həqqü ədalət əvət, əvət yalnız, Düşüb qalanlara imdad əlin uzatmaqdır. Deyil həqiqətə xidmət xüsusi bir yaşamaq, Vəzifəsi kişinin başqasın yaşatmaqdır.
Qərari-vəz bu ikən nizai-növi-bəşər, Məhaldır ki, edə bir zaman qəbuli-səlah. Əşədd olur dəxi getdikcə bu xüsuməti-şər, Qəbul olmasa gər bilumum tərki silah.
Yaranmasaydı əgər xilqəti-bəşər möhtac, Nə kəsb edərdi qəni olduğunda əqli-səlim. Düşün ki, övci-kəmalətə etməyə merac, Bütün ülumi sənə ehtiyac edər təlim.
Şu təqalib dövrü əsrü zaman, Gündə bir hökm edər həyatımıza. İştə təklifi başqadır hər an, Zatə yox, hökm edər sifatımıza.
Yaranıb xilqəti-bəşər muxtar, Doğulub həm də hürr madərdən. Yox, yox, əlbəttə bu sözə inkar, Leyk təklif qoymalı gərdən.
Xidməti-həqdə bəzli-can etmək, Məncə hər bir kəsin vəzifəsidir. Buraxıb həqqi batilə bitmək, Ah, o insanlığın da nakəsidir.
Yeniləşməkdədir mədari-cahan, Get-gedə parlayır ədalətü həqq. Son bu dünyanı müqtədir insan Edəcək baği-cənnətə mülhəqq.
Nə qəm, ey dil ehtiyac səni. Edə min dürlü zəhmətə məcbur. Zəhmət etdikcə xar gül bədəni, Pək təravətli olmyormu şüur.
Nari-cəhimidən məni qorxutma vaiza, Mən dadmışam cahanda əzabi-cəhənnəmi. Nahəq rəvac, həqqə verilməz ikən bəha, Bundan betər nə yandırır övladi-adəmi.