İbtidai hər əməl çün rəsmi-xasi-amidə
İbtidai hər əməl çün rəsmi-xasi-amidə, Başlanırkən xatirati-nami bir dilxahilən. Görcək övladi-bəşər fikrin bu sərəncamidə, Başladım mən də kəlami yadi-bismillah ilən.
91 əsər · Müstəqil dörd misralıq şeir
İbtidai hər əməl çün rəsmi-xasi-amidə, Başlanırkən xatirati-nami bir dilxahilən. Görcək övladi-bəşər fikrin bu sərəncamidə, Başladım mən də kəlami yadi-bismillah ilən.
Hər kitabə olmasa sərlövhə bismillahidən, Olmaz insanlar onun bir kəlməsindən feyziyab. Cəm qıl ondan hər ol əyyam əldə var ikən, Bir zaman ani nihan eylər o zülmətli səhab.
Şerdir nitq aləmində məntiqi-zikri-əlim, Şerdə qeyb asimanindən gələn əxbarə bax, Aləmi-elmi-qüyub olmaqsa qəsdin ey həkim, Gəzmə əfsanə, get ilhamat üçün əşarə bax.
Şer bir məhbubədir cəm olmuş onda fəlsəfə, Məsdəri şairlərin ol təbi-mövzunundadır. Olmasaydı şer, olmazdı ümumi mərəfə, Elm, ürfan cümləsi əşar məzmunundadır.
Kainatın sanisin get əql ilə idrak qıl, Dərk olunmaz pəncganə bu həvasiylə o zat. Fərdi vahiddir, nəziri, ziddi yoxdur, ani bil, Hər vücudi dərk edər, əzdadi ilə hissiyyat.
Yox zamanı olmayan varə nə xaliq, nə hüdud, Varı «var» etməkliyin bətlaninə yox şübhə, şəkk. Leyk hadis olsa bu aləm kimi hər ol vücud, Anə hökmi-əql ilən əlbəttə bir xaliq gərək.
Aləmin təğyiri eylər əqli şu təsdiqə sövq, Yoxdi əvvəldə, olundu yoxluğundan sonra var. Yoxluğundanmı olundu, «var» mislindənmi «yox», Bəs onu var eyləyən, «yox» olmayan bir «var» var.
Büsbütün bu aləmin cism olduğu pək aşikar, Bəs hüdusində nədir bu qeylü qal əndər miyan. Bir məkan möhtacıdır əcsam tutmaqçın qərar, Qabili imkanmı cism əvvəl ola, sonra məkan.
Pək açıqdır çöhreyi-məhbubədə yoxdur niqab, Bax, görürsən, qıl tamaşa ol üluləbsaridən. Görmədikdə kimsəni təqsirkar qılma hesab, Atdığın tozdur, səni məhrum edən didaridən.
Zati-barinin vücudun anlayıb iqrar edən, Künhi-mahiyyət sözüylə satmaz ürfaniyyətin. Mümkünatın nolduğu insanlara məchul ikən, Qabili-imkanmı bilmək vacibin mahiyyətin.
Bir müəmmadır bu aləm xəlq edibdir dadgər, Kəşfinə növi-bəşər aciz qalıb heyran gəzər. Bixəbərdir aləmi-qəflətdə cahillər əgər, Vadiyi-heyrətdə alimlər də sərgərdan gəzər.
Müxtəlif dillər fəsadından doğar bunca fəraq, Var ikən bu müfsid adət istəmə sülhü, səlah. İttifaq islahinə olmaz mübəddəl bu nifaq, Gər ümumi olmasa növi-bəşərdə istilah.
Çəkmə tiği-tiz artırma nizanın hörmətin, Nüsrət istərsənsə istə hümməti-təbliğidən. Qalibiyyətçin çalış, artır lisanın qüvvətin, Bir dilin təbliği əhəmiyyətlidir min tiğidən
Güllə qurşun atəşi, əda qoşun pək atəşin, Atma atəş üstə atəş, şərrətindən qıl həzər. Söndür abi-sülh ilə hərbin şərari-müdhişin, Yanğını od yox, təbiidir ki, su xamuş edər.
Əğniyanın, görmüşəm, vəsf etmə əta etməyin, Qoy yığılsın müftəxorlar süfreyi-ehsaninə. Zəhmətimlə kəsb olunmuş xuni-fəqrim əppəyin, Vermərəm əhli-ğinanın neməti-əlvanına.
Mərifətdir bəşəriyyət namin yüksəldən, Mərifətdir bəşərə göstəriyor həq rahin. Mərifətdir ayıran həqqi bütün batildən, Mərifətdir tanıdan şəxsə özün allahın.
Elmdir hürri-kəmalə yetirən insanı, Elmdir nəxli-bəni-adəmə bir dadlı səmər. Elmdir əqli və əfkarı edən nurani, Elmdir şəms, müqabildə bəşər misli qəmər.
Mərifətsiz olamaz elm əgər olsa, bəli, Faidə verməz o, əsbabi deyil ehsanın. Elm kəsbidir, onu başqadan əxz eylə, vəli, Mərifət mayeyi-zatında gərək insanın.
Cahila, cəhli burax, aç o yumulmuş gözünü, Bax bir ayineyi-qəlbündəki zəngi-kədərə. Gör nə mənfur bir əhvalə salıbsan özünü, Yaşar böylə kəsavətlimi halət bəşərə.
Oxu, ey şanlı bəradər, oxu, bil elmü hünər, Məqsədün sağəri ta daimi pürbadə ola. Cəhd qıl, gəz, çalış, axtar, tələb et elmi əgər, Qəri-dəryadə və ya övci-sürəyyadə ola.
Ey həqiqətdən uzaqkən özünü həqdə bilən, Etina yoxdur o əfsanə yalan sözlərinə. Bizdə yox əyrilik, əlbəttə özün kəcbinsən, Get əlac eylə sən ol əyri görən gözlərinə.
Gəldün ey dil bu cahanə özünü incitdin, Bir tədarükdə bulun getməyə, cürmün çoxdur. Badəyi-mərgi içib öylə ki, getdin, getdin, Bir də bu darə əmin ol ki, qayıtmaq yoxdur.
Mənə bu barədə vaiz, bəs edər öz biliyim, İçdiyim nəhy olunan mey deyil, eşqin meyidir. Böylə kim məst görürsən məni, bu məstliyim, Eşqsiz ol quru huşyarlığından eyidir.
Pək açıq göstərilir dideyi-əqli-bəşərə, Ki, bu varlıqlara bir xaliqi bihəmta var. Bətni madərdə lüzumu yox ikən beççələrə, Gələcək aləm üçün lazım olan əza var.
Xaliq inkarinə aciz bütün əfkari-bəşər, Fəqət ürfani cəhətdən iki qism ilə olur. Kimi təhqiq edərək qəlbə yəqin hasil edər, O ki təhqiq edə bilməz, o da şəkk ilə bulur,