Qaşında zəxm görüb ey büti-hilal-əbru
Qaşında zəxm görüb ey büti-hilal-əbru, Dedim ki, qəlpələnən Zülfüqarə bənzər bu.
58 əsər · Tək beytlik müstəqil şeir; fərd də deyilir
Qaşında zəxm görüb ey büti-hilal-əbru, Dedim ki, qəlpələnən Zülfüqarə bənzər bu.
Ümmi-sibyan oxuyub bintül-inəb nuş etsən, Etməz əbnayi-zaman tək səni layəqil məst.
Demə fəraq odunun duzəxə şəbahəti var, Behiştə duzəxin, ey bixirəd, nə nisbəti var?!
Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu gün Yeri vardır yazıla səfheyi-əflak üzrə.
Hər günüm hicrində, şahim, bir qiyamət etmisən, Bir bilirsənmi nələr ey sərvqamət etmisən?!
Mən səni əğyarə mail sevməzəm mən edəli, Düşmənimdir ol ki, könlü hüsnüvə mail degil.
Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar, Ol etdigi qəzəbləri həm eyni-naz imiş.
Olmazam vəsl ilə asudə ki, həngami-vüsal Rəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Xublər könlümü istəllə ki, səndən alalar, Ey pəri, qoyma ki, özgə məni təsxir etsin.
Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid, Bu rəsmi-köhnə mənsux oldu ol şuxin cəfasından.
Vədeyi-didarı fərdayi-qiyamət söylədin, Səxt dilşadəm ki, hərgiz ol günün fərdası yox.
Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi, Bu dərd o dərd degil kim, dəvapəzir olsun.
Bir gecə hicran cəzasıyçün əgər məhşər günü Almaram ərz etsələr yüz hurü qılmani mənə.
Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır – Ki, xakimdən çıxıb gül, qeyrlər ondan gülab etsin.
Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər, Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin.
Bunca daş atma fələk, Seyyidi-divanəyə kim, Atsa bir daş eləyər şişəni sədparə sənin.
Yar hər namə ki, hər aşiqi-biyarə yazar, Yazsa bir lütfümü yüz yol genə təkrarə yazar.
Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım, Gəldi kim, ondan sual eylərdim əhvalın sənin.
Ta giriftarınam, eşqin məni dilşad etmiş, Rəhmət ol şəxsə ki, əvvəl bunu bünyad etmiş.
Cəmali-Yusifə Yəqub meylindən əyandır kim, Kişi öz oğluna aşiq olarmış, yar olmazmış.
Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdə Açarlar tutmağa, əl hər tərəfdən xəlq damanın.
Nə yaxşı vəsldə namehriban idin mənə kim, Zamani-hicrdə çox etmədi kəbab məni.
İstəsən ey mələkül-movt ki, canım alasan. Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə ola, Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydi, Ümid kimsənə tutmazdı baği-rizvanə.