Gər möhnəti-kəsrdir və gər ne’məti-səbr
Gər möhnəti-kəsrdir və gər ne’məti-səbr, Səbr ilə qənaətdə gərək müslimü gəbr. Hər ne’mətü möhnət ki, verərsən, yarəb! Ver ne’mətə bir qənaətü möhnətə səbr!
75 əsər · Mətləsiz qısa parça; iki-beş beytdən ibarət müstəqil şeir
Gər möhnəti-kəsrdir və gər ne’məti-səbr, Səbr ilə qənaətdə gərək müslimü gəbr. Hər ne’mətü möhnət ki, verərsən, yarəb! Ver ne’mətə bir qənaətü möhnətə səbr!
Hərdəm mənə yar ərzi-rüxsar eylər, Hüsnilə məni bətər giriftar eylər. Guya ki, kəmali-eşq dərsin oxudur, Hərdəm mənə tə’limini təkrar eylər.
Hicrin, cigərini hər kimin qan eylər, Tədric ilə vəslin ona dərman eylər. Zülfün kimi kim, müddət ilə kafir idi, Lə’lin onu bir dəmdə müsəlman eylər.
Hər dil ki, əsiri-qəmi-hicran olmaz, Şayisteyi-zövqi-vəsli-canan olmaz. Hər dərd ki var, var dərmanı, vəli, Bidərdlərin dərdinə dərman olmaz.
Biz aləmi-eşq aləmaraləriyüz, Meyxaneyi-dərd dürdpeymaləriyüz. Gülbərgi-nədamət çəmənidir aləm, Biz bu çəmənin bülbüli-şeydaləriyüz.
Kimdir ki, qəmində naleyi-zar etməz! Dərdin sənə nalə ilə izhar etməz! Fəryadına hiç kimsənin yetməzsən, Fəryad ki, fəryad sənə kar etməz!
Canan isə mətlub, təmə’ candan kəs! Mətlub isə can, ümid canandan kəs! Can sevmək ilə müyəssər olmaz canan, Ya bundan ümid, ya təmə’ ondan kəs!
Suzi-dilim əşki-aldən eylə qiyas, Ənduhimi zə’fi-haldən eylə qiyas. Xurşid ki, hüsnünlə qılır bəhsi-kəmal, Tərki-ədəbin zəvalədən eylə qiyas.
Ədvari-zaman daireyi-heyrət imiş, Əsbabi-cəhan məhalikü möhnət imiş, Dünyayə həvəs etməmək etməkdən yey, Çün əvvəli hirsü axiri həsrət imiş.
Kuyində sənin nə daşə kim, vurdum baş, Qıldım onu qərqi-xun, töküb gözdən yaş. Göz yaşinə rəhm eylə ki, çox müddətdir, Bidadinə səbr edib basar bağrına daş.
Ey kəsbi-kəmalə e’tiqadın naqis, Təhsili-kəmalə ictihadın naqis! Ar etmə tələbdə, qıl həzər ondan kim, Kamillər içində ola adın naqis.
Xoş ol ki, qılıb rəhbəri-sidqin ixlas, Xəlvətgəhi-qürbə ola ixlas ilə xas. Sərrafi-vəfa buteyi-tə’dibə salıb, Hər qəşdən edə missi-vücudini xilas.
Ey bad, qıl əhvalımı cananimə ərz! Sərgəştəligim sərvi-xuramanimə ərz! Öldürdü kinayətilə əğyar məni, Bu zülmi-sərihi eylə sultanimə ərz!
Ey cövhəri-eşqin əsəri cismü ərəz, Yox aşiqə səndən özgə aləmdə qərəz. Çün bildin əsirinəm tərəhhüm qıl kim, Tədbir gərək, müşəxxəs olduqda mərəz.
Zahid, meyi-nabdəndir ikrah qələt! Sən xah sözüm səhih tut, xah qələt. Məscidlərə girdigim degil rəğıbətdən. Sərməstligimdən eylərəm rah qələt.
Dağ urma dili-həzinə, ey mişkinxət! Gər maili-hüsnü xəttsən, qılma qələt Kim, eyləməmiş katibi-divani-qəza, Dil hərflərin qabili-təzyini-nüqət!
Mey nəfyini eyləyib şüar, ey vaiz! Tutdun rəhi-tə’ni-eşqi-yar, ey vaiz! Tərki-meyü məhbub edəriz cənnət üçün, Şərh eylə ki, cənnətdə nə var, ey vaiz!
Təhdid ilə keçdi ruzigar, ey vaiz! Fövt oldu şərabü vəsli-yar, ey vaiz! Gər kövsərü hur isə qərəz, vermə əzab, Nə tərk buyur, nə intizar, ey vaiz!
Ey vəsfi-cəmalinə təhəyyür mane’, Vermiş sənə isbati-kəmalin sane’. Vəslində cəfayi-tə’neyi-əğyarın, Hicrində məni xəyalə etmiş qane’.
Pərvanəyə zülmi-bihesab eylər şəm’, Zülm oduna bağrını kəbab eylər şəm’, Guya ki, bilir zülm sərəncamı nədir, Bihudə degil ki, iztirab eylər şəm.
Hər şam yetər vüsali-cananə çirağ, Ta sübh qalır həmdəmü həmxanə çirağ. Rəşk odinə yandırdı məni hər saət, Vəhm eyləməz ahim oduna yanə çirağ.
Hər gəh ki, bahar qıldı arayişi-bağ, Növmidlik urdu laləvəş bağrıma dağ, Zira tikən üzrə tutdu bülbül məskən, Gül bad güzərgəhində yandırdı çirağ.
Yox dəhrdə bir müvafiqi-təb’ hərif Kim, söhbəti dilgüşa ola, təb’i zərif. Fəryad ki, nacins müsahiblər ilə Bifaidə zaye’ oldu ovqati-şərif.
Mən zöhdü vərə’dən urmazam lafi-xilaf, Daim rüxi-sadə istərəm, badeyi-saf. Tərki-meyü məhbub edə bilmən mütləq, Gər etmək olur, derəm, zəhi bihudə laf.
Ey navəki-bidadinə hər sinə hədəf! Vey cövhəri-peykaninə hər didə sədəf! Fəryadü fəğanım qəmi-hicranından, Bəzmi-qəmədir naleyi-ney, novheyi-dəf.