Bayatılar
Dillən bayatım mənim, Ömrüm, həyatım mənim. Yorulub yolda qalmaz, Köhləndi, atım mənim.
Dağ qalıb yarı çəndə, İtirdim yarı çəndə. Bulaqlar oda döndü Suyunu yar içəndə.
Qüvvətim, zorum torpaq, Ocağım, qorum torpaq. Səndə bir iz qoymasam Alışsın gorum, torpaq.
Kamanın oxlar məni, Unutdu toxlar məni. Bir aca dost olmuşam, Hər sabah yoxlar məni.
Dedilər bal talandı, Qoymayın bal talandı. Baldan ötrü bir ağac Min yerdən baltalandı.
Ucuz andı, İçmərəm ucuz andı. Mənim baha eşqimi Yar yaman ucuz andı.
Qışdandı, Soyuqluğu qışdandı. Belə yara nə deyim? Yaz söz verdi, qış dandı.
Şeh düşdü göy çəmənə, Göz vurdu göy, çəmənə. Ələsgəri çağırdım, Səs verdi Göyçə mənə.
Bu ay da belə gəldi, Bu il də belə getdi. Günüm var selə döndüm, Günüm var selə getdi.